AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

BAŞ DİREKTORDAN

15.02.2021 15:33

Tarix institutunda islahatlar və dəyişikliklərə dair

Azərbaycan tarixi günlərini yaşayır. Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan ordusu 44 günlük müharibədə zəfər çalaraq, Ermənistanı kapitulyasiya etdi. Post-müharibə dövrünün mürəkkəb və çətin strateji vəzifələri addım-addım həyata keçirilir. Tarixi günlər tarixin yazılması üçün həm güclü bir stimul verir, həm də tarixçilər üzərinə böyük məsuliyyət qoyur. 

Azərbaycan xalqı dünyanın öz tarixinə xüsusi həssaslıqla yanaşan xalqlarından biridir. O, yaratdığı tarix kimi, yazılan tarixinə də böyük önəm verir. Bunun nəticəsidir ki, Respublikada Azərbaycan tarixinin öyrənilməsi sahəsində aparıcı rola malik olan Tarix institutunun fəaliyyəti daima xalqın diqqət mərkəzindədir. Burada yazılan hər bir əsər, əməkdaşların çıxışları, hər hansı bir struktur və kadr dəyişikliyi də müəyyən əks-səda yaradır.

Açığı demək istəyirəm ki, mən Tarix institutunun baş direktoru təyin edildikdən (29 yanvar 2021-ci il) sonra, qarşıda duran elmi strategiyanı kompleks şəkildə müəyyən etmək, həm AMEA sistemində, həm də Tarix institutu daxilində struktur və kadr dəyişiklikləri sahəsində zəruri addımlar üçün müəyyən baza yaradıb saytımızı izləyənlərin görüşünə gəlmək istəyirdim. Tarix institutuna, onun perspektiv tədqiqatlarına ümumxalq marağı, işlərin gedişinə dair informasiya istəyi bu görüşün tezləşdirilməsinə səbəb oldu. Qərara aldım ki, saytımızda Baş direktordan adlı bir rubrika açım və izləyicilərimizə müntəzəm olaraq strateji planlarımız, elmi işlərimiz, struktur dəyişiklikləri, bir sözlə izləyici marağına səbəb olacaq suallara cavab verim.

Bundan sonra saytımızın izləyiciləri ilə müntəzəm görüşə gələcəyəm, onları düşündürən və mənə ünvanlanan hər bir suallarına cavab verəcəyəm. Oxucularımızdan da xahiş edirəm ki, Tarix institutu haqqında obyektiv və doğru məlumat almaq üçün onun saytına müraciət etsinlər. Bəzən kütləvi informasiya haqqında qanunun tələblərinə əməl edilmədən bilərəkdən yoxlanılmamış məlumatlar yayılır, bu barədə müraciət etdikdə isə söz haqqı tanınmır.

Tariximizlə gələcəyə...  Saytımızın bütün oxucularına uğurlu gələcək arzulayıram.

Bu günkü yazımda elmi prioritetlərimizdən bəhs etmək istəyirəm.

 

1. Elmi prioritetlərimiz

Tarix institutunun qarşısında duran əsas məsələ institutun elmi tədqiqat strategiyası ilə bağlıdır. Bu sırada ümumiləşdirilmiş Azərbaycan tarixinin yazılması ən mühüm yer tutur. Bu səciyyəli əsərlərin önəmi ondadır ki, bir tərəfdən tariximizin öyrənilməsinin müasir mərhələsini əks etdirir, digər tərəfdən ümumiləşdirmə zamanı mövcud elmi tədqiqat problemləri müəyyən edilir və onların öyrənilməsi gündəliyə gətirilir. Digər bir vəzifə  müasir dövrün irəli sürdüyü aktual problemlərin tədqiqata cəlb edilməsilə bağlıdır. Bunlar ilə yanaşı, tarixin fundamental problemləri də daima diqqət mərkəzində saxlanır. Azərbaycan tarixinin öyrənilməsi zamanı dünyada tarixin yeni yaranan tendensiyaları da  də nəzər alınmalıdır. Konkret elmi problem və modern tendensiyalar ilə birgə, elmi fəaliyyətin praktik vasitələrinin tətbiqi də zəruridir.

Əsas elmi istiqamətlər, problem və mövzular Tarix institutunun Baş planında əks olunur. Demək olar ki, ilk addım kimi Baş planda köklü dəyişiklik edilib. 2021-ci ildə üzərində çalışmalı olduğumuz elmi istiqamət,  problem və mövzulardan bəzilərini qeyd etmək istəyirəm:

Bir cildlik Azərbaycan tarixinin hazırlanması. AMEA Tarix institutunda belə bir kitab 1993-cü ildə Azərbaycan, 1995-ci ildə isə rus dilində çap olunub. Bu kitablar isə yalnız, 1920-ci ilədək olan dövrü əks etdirir. Həmin kitabların tarixşünaslıq təhlili üzərində dayanmadan qeyd etmək istəyirəm ki, xronoloji məhdudluğu ilə birgə, bəzi mühüm məsələlər də orada əksini tapmayıb. Biz hazırlanmasını nəzərdə tutduğumuz kitabda bundan fərqli olaraq, ən qədim zamanlardan bu günədək olan tariximizi qısa, lakin konseptual şəkildə təqdim etmək istəyirik. Kitabda dövrlər üzrə illüstrasiya və xəritələrə də geniş yer veriləcəkdir. Kitab uğurlu olsa, buna inanırıq, xarici dillərə tərcüməsi də planlaşdırılır.

Bu kitabla paralel olaraq Azərbaycan tarixinə dair çoxcildlik (təxminən 15 cild nəzərdə tutulub) hazırlamaq istəyirik. Azərbaycan tarixinə dair ilk çoxcildlik (3 cild, 4 kitab) 1950-1960-cı illərdə rus dilində hazırlanıb, sonra Azərbaycan dilinə tərcümə edilib. Növbəti, sonuncu çoxcildlik 7 cilddən ibarət olub və 1998-ci ildə çap edilib. Yeddicildlik kiril əlifbası ilə nəşr edilib, sonra isə heç bir dəyişiklik edilmədən 2008-ci ildə latın qrafikasına çevrilib. Yeni hazırlayacağımız çoxcildlik konsepsiyasına, dövrləşdirilməsinə, dövrlərin cildlər üzrə yerləşdirilməsinə görə, bir sıra yenilikləri ilə fərqlənəcək. Aydındır ki, bunun üçün müəyyən vaxt və vəsait tələb olunacaqdır. Bütün hallarda yaxın perspektivdə bu çoxcildliyin nəşrini reallaşdırmaq istəyirik.

Qarabağ və ya Vətən müharibəsinin tarixinə dair monoqrafiya, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin otuz illik tarixinə dair üçcildlik yazılması da  planlaşdırılır. Bunlar ilə yanaşı, Azərbaycanın mədəniyyət tarixinə, neft tarixinə (qədim zamanlardan bugünədək) dair əsərlər də hazırlanacaqdır. İnstitutda tarixi mənbələrin, o cümlədən arxiv sənədlərinin nəşri davam etdiriləcəkdir...

Tarix institutunda dövri olaraq Elmi əsərlər çap edilir. Elmi əsərlərin dünyada tarix elminin müasir standartlarına uyğunlaşdırılması da qarşıda duran vəzifələrdən biridir.

İnstituda elmi mühitin təmin edilməsi və qarşıda duran elmi tədqiqat vəzifələrinin həyata keçirilməsi üçün elmi seminar, dəyirmi masa, konfrans və simpoziumlar keçirilməsi dövri səciyyə alacaqdır:

-Azərbaycan tarixinin aktual problemləri adlı müntəzəm elmi seminar təşkil ediləcəkdir.

-İnstitutda mövcud olan Qarabağ tarixi şöbəsi (cəmi 7 elmi əməkdaşdan ibarətdir ki, onlardan da 2 nəfəri texniki işçidir. Şöbənin tədqiqat xronologiyası yalnız XVIII əsrdən bu günədək olan dövrü əhatə edir) qarşıda duran problemlərin bütün dövr və problemlərini əhatə edə bilmir. Bunu nəzərə alaraq, Qarabağ tarixinin bütün dövrlərinin tədqiqinin təşkili, bu mövzuların daim diqqət mərkəzində olması üçün nəinki institutun, eləcə də respublikanın digər elmi mərkəzlərində çalışan qarabağşünas alimləri, memarları və ictimaiyyətin nümayəndələrini birləşdirən və dövri fəaliyyət göstərən Qarabağ tarixi elmi-təcrübi konfransı təşkil ediləcəkdir.

Azərbaycan tarixi dərslikləri xalqımızı narahat edən problemlərdən biridir. Bu problemin həllinə də töhfəmizi verməyə çalışacağıq. Bu sahədə dünya praktikasını ümumiləşdirmək, Azərbaycanda mövcud olan təcrübənin müsbət cəhətlərini nəzərə alaraq yüksək səviyyəli dərsliklər hazırlanması  məqsədilə tarixçi-müəllimlər və alimlərdən ibarət qrup təşkil edilmişdir.

AMEA Tarix institutu eyni zamanda, respublikada tarix sahəsində aparıcı təşkilat hesab olunur. Bu baxımdan Tarix institutu ölkədə tarixçi alimlərin, müəllimlərin və bu ixtisas üzrə digər sahədə çalışan mütəxəssislərin birliyinin təmin edilməsinə də nail olmaq arzusundadır. Bu məqsədlə Azərbaycan tarixçilərinin dövri keçirilən forumları da təşkil ediləcəkdir.

Tarix elmi sahəsində beynəlxalq əməkdaşlığı da genişləndirəcəyik. İnstitut əməkdaşlarının əsərlərinin impakt faktorlu jurnallarda nəşrinə nail olmaq üçün tədbirlər görüləcək. İnstitutun nəşrlərində xarici tarixçilərin əsərlərinə də yer veriləcəkdir.

...Bəzən tarixi əsərlərin mahiyyətinin anlaşılmaz olması, həqiqəti kifayət qədər əks etdirməsindəki problemlər və s. tarixçilərin tənqidinə səbəb olur. Hətta, belə haqlı tənqidi fikir də yaranıb ki, tarix tarixçilərin deyil, xalqın tarixidir. Bu baxımdan hesab edirəm ki, xalqın arzu edən təbəqələrinin bu tarixin necə yazılmasından məlumatının olması zəruridir. Bunun üçün, ümumxalq marağına daxil olan əsərlərin, xüsusilə, Azərbaycan tarixinə dair bircildlik və çoxcildliyin hazırlanmış materiallarının müəlliflərin təqdimatında Tarix institunun saytında yerləşdirilməsi təmin ediləcəkdir. İstəyən oxucu həmin material ilə tanış olduqdan sonra qeyd və təkliflərini verə biləcəkdir. Bunlar müəllif tərəfindən ümumiləşdiriləcək, haqlı olanlar nəzərə alınacaq, sonra sayt vasitəsilə məlumat veriləcəkdir. Yalnız bundan sonra, həmin material çap üçün qəbul olunacaqdır.

(Ardı var)

 

Kərim Şükürov

Tarix elmləri doktoru, professor

 

 

Paylaş: