AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Yaqub Mahmudov: "Keşikçi dağda törədilən təxribatın arxasında erməni lobbisi dayanır"

22.07.2019 13:34

“Keşikçi dağ məntəqəsində Azərbaycan sərhədinin pozulması ilə yaranan insident təsadüfi bir təxribat deyil. Bu təxribat qabaqcadan düşünülüb və Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatı olan Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərinin dostluq münasibətlərinə qarşı yönəlib. Hesab edirəm ki, bu təxribat Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi maraqları olan güc mərkəzləri və onların əlaltısı olan Ermənistandakı rejimin sifarişi ilə törədilib. Həmin mərkəzlər bu təxribatı Gürcüstanda olan ermənipərəst qüvvələrin iştirakı ilə törədiblər”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, Ermənistandakı faşist rejiminin bu işin əsas sifarişçilərindən biri olduğu heç kimdə şübhə doğurmur: “Ermənistanda yürüdülən yanlış siyasət nəticəsində ermənilər çox ağır vəziyyətdə yaşayırlar. Əgər Yerevanda yanlış siyasət yürüdülməsəydi, Ermənistan Cənubi Qafqazda strateji layihələrin iştirakçısı ola bilərdi. Ermənistandakı rejim Cənubi Qafqazda sülhün və təhlükəsizliyin pozulması üçün əlindən gələni edir. Onların arxasında olan qüvvələr erməni rejiminə yaxından köməklik edirlər. Bu cür təxribatlar Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərini poza bilməz. Amma hər bir təxribata qiymət verilməli və münasibət bildirilməlidir. Bizi narahat edən odur ki, Gürcüstanda müəyyən qüvvələr mütəmadi olaraq bu cür təxribatlara əl atırlar və həmişə cəzasız qalırlar. Əgər Gürcüstanın ərazisində gürcü dövlətçiliyinə həmişə sadiq olan, Gürcüstanın tarixində mühüm rol oynayan azərbaycanlılara qarşı siyasət yürüdülür və oradakı məscidlərimizin divarlarına donuz kəlləsi yapışdırılırsa, bu işin icraçıları cəzalandırılmalıdır”.

Yaqub Mahmudov

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov

Azərbaycan-Gürcüstan dostluğu əbədidir. Amma bu dostluq münasibətlərini pozmağa çalışanlara qarşı qardaş Gürcüstanda ciddi tədbirlər görülməlidir. Qardaşlıq və dostluq münasibətlərində ikili standartlar ola bilməz

Y.Mahmudovun sözlərinə görə, gürcü təxribatçılarının öz sərhədlərini pozaraq Azərbaycan sərhədçilərinə hücum etməsi Gürcüstanın cavabdeh qurumlarının rəhbərlərinin məsuliyyətsizliyi üzündən baş verib: “Axı bir qrup şəxs hər iki dövlətin sərhədini necə poza bilər? Buradan belə çıxır ki, guya Gürcüstan öz dövlət sərhədlərini layiqincə qoruya bilmir. Azərbaycanla dostluq münasibəti və strateji tərəfdaşlıq müqəddəsdirsə, sərhədlərin pozulmasına heç cür göz yumula bilməz. Gürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” siyasi hərəkatının lideri İrakli Okruaşvilinin, Azərbaycan sərhəddinə gələrək xalqımıza qarşı sayıqlayan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvilinin təhqirləri və azərbaycanlıları "çoban" adlandırmaları bizdə ciddi narahatlıq doğurub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq idman yarışları zamanı Bakıya gələn iki gürcünün Şəhidlər Xiyabanında “Keşikçi dağ bizimdir” deyə plakat qaldırması da ciddi narahatlıq doğurmalıdır”.

Akademik hesab edir ki, Azərbaycan-Gürcüstan dostluğu əbədidir: “Amma bu dostluq münasibətlərini pozmağa çalışanlara qarşı qardaş Gürcüstanda ciddi tədbirlər görülməlidir. Qardaşlıq və dostluq münasibətlərində ikili standartlar ola bilməz. Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri pisləşərsə, bu, ən çox gürcü xalqına mənfi təsir göstərəcək. Təəssüfedici hal odur ki, hələ də Gürcüstanın müvafiq qurumları bu insidentin ciddi qüsur olduğunu dövlət səviyyəsində etiraf etməyiblər. Təxribatların törədilməsində erməni lobbisinin də xüsusi xidmətləri var. Azərbaycanın sərhədləri BMT-nin qanunları ilə dünya birliyində tanınıb və bütün qonşular Azərbaycan sərhədlərinin toxunulmazlığına əməl etməlidirlər”.

Direktor Azərbaycan sərhədçilərinin insident zamanı soyuqqanlılıq nümayiş etdirməsini dəstəklədiyini bildirib: “Çünki sərhədçilərimiz iki dövlət arasında əlaqələrin pozulmaması üçün silahdan atəş açmayıblar. Təxribatçılar və onlara dəstək verənlər bilməlidir ki, David Qareci də, Şərqi Gürcüstan da tarixi Azərbaycan torpağıdır. Tiflis Azərbaycanın qədim şəhəridir. Bir qrup gürcü təxribatçısının yolu ilə gedilərsə, onda Azərbaycan da öz tarixi torpaqları ilə bağlı iddia qaldıra bilər. Əgər gürcü ekstremistləri ərazi iddiasındadırsa, onda öz "hünərlərini" Cavaxetyada göstərsinlər. Ötən əsrin 30-cu illərində Stalin Şirək yaylasını – Qanıx (Alazan) çayının sağ sahilindəki torpaqlarımızı Azərbaycan xalqının razılığı olmadan Gürcüstana verib. Biz təbii ki, bu iddiaları qaldırmırıq. Çünki biz gürcü xalqı ilə dostuq. Dostluqda xəyanət olmaz!”

Mənbə: Report.az saytı - Yaqub Mahmudov: "Keşikçi dağda törədilən təxribatın arxasında erməni lobbisi dayanır" - VİDEO

Paylaş: