AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda Azərbaycan-Norveç əlaqələri araşdırılır

24.10.2018 18:39

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycan-Norveç əlaqələri (1991-2011-ci illər)” mövzusunda dissertasiya müdafiəsi keçirilib.

Dissertasiya işinin müəllifi Azərbaycan Dillər Universitetinin (ADU) Skandinaviya Mərkəzinin müdiri Vüsalə Əfəndiyeva, elmi rəhbər isə institut direktoru, akademik Yaqub Mahmudovdur.

Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan-Norveç əlaqələrinin müxtəlif istiqamətləri ilə bağlı indiyədək müəyyən tədqiqatlar aparılsa da, bu sahədə kifayət qədər öyrənilməmiş məsələlər hələ də qalmaqdadır: “Hər iki ölkənin neft istehsalına malik olması bir çox sahələrdə maraqların uyğun gəlməsi ilə müşahidə edilir”.

Tədbirdə Norveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue də iştirak edib və o, Norveç-Azərbaycan əlaqələrinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, dissertasiyada Azərbaycan ilə Norveç arasında qarşılıqlı əlaqələr ilk dəfə kompleks halında araşdırılır. Dissertasiya Şurasının iclasında Skandinaviya runalarını özündə əks etdirən slayd nümayiş etdirilib.

Doktorant V.Əfəndiyeva çıxışında qeyd edib ki, tədqiqatda Orxon-Yenisey əlifbası ilə Skandinaviya runaları arasında oxşarlıqlar faktlarla təhlil edilib: “İsveç tarixçisi Sven Laqerbrinq (1707-1787) “İsveç və türk dilləri arasında bənzərliklər” adlı kitabında isveç və türk dilləri arasındakı oxşarlıqlardan bəhs edib. O, isveçlilərin türk mənşəli olduqlarını iddia edərək, 200-ə qədər türk sözünün isveç dilində istifadə edildiyini göstərib”.

Dissertasiya işində “Azərbaycan-Norveç əlaqələrinin inkişafında məşhur Norveç tədqiqatçısı və səyyahı Tur Heyerdalın rolu” adlı bölmə var. Tur Heyerdalın nəzəriyyəsinə əsasən Qobustan qayaüstü təsvirləri ilə Norveçdə aşkarlanmış qayıq rəsmlərinin motivləri arasındakı bənzərliklər heç də təsadüfi deyil. T.Heyerdal Azərbaycanla Skandinaviya ölkələri arasında qədim əlaqələrin mövcudluğunu sübüt etməyə çalışıb.

V.Əfəndiyeva Dissertasiya Şurasının iclasında Norveç universitetlərindən birində Azərbaycanşünaslıq ixtisasının açılmasını təklif edib.

Vüsalə Əfəndiyevadan başqa, Tarix İnstitutunun Dissertasiya Şurasında “Müasir mərhələdə ABŞ-ın Yaxın Şərq siyasəti” adlı dissertasiyanın müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Nigar Əsgərova, elmi rəhbər isə tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadədir. Dissertasiyada ilk dəfə olaraq böyük xronoloji çərçivədə ABŞ-ın Yaxın Şərq siyasətinin tarixi inkişaf mərhələləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: